Sosial məsuliyyəti işimizin ayrılmaz hissəsi hesab edir
və hər addımda insan amilini ön planda saxlayırıq
Bankçılığın müxtəlif sahələrində fəaliyyət göstərir, ölkə əhalisinin geniş hissəsinə və fərqli sosial təbəqələrdən olan insanlara ədalətli, inklüziv və məsuliyyətli xidmət göstəririk. Eyni zamanda əhəmiyyətli dövlət və infrastruktur layihələrini dəstəkləyərək cəmiyyətin inkişafında pay sahibi olmaq üçün çalışırıq. Bütün bu addımları atarkən ESİ prinsiplərini rəhbət tuturuq.
Missiyamız cəmiyyətə töhfə vermək, ölkəmizin gələcək rifahı və sağlam mühitinin formalaşması üçün çalışmaqdır
2020-ci ilin əvvəlində Kapital Bank-ın əməkdaşlarından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. Çox qısa müddət ərzində cəmi 49 nəfərdən ibarət olan təşəbbüs qrupu yardımsevər, xeyriyyəçi insanları ərtafına toplayaraq üzvlərinin sayını 200 nəfərə çatdırdı. Öz xeyriyyə təşəbbüsünü bütün ölkəyə yayan Qırmızı Ürəklər komandası Vətən müharibəsində iştirak edən əsgər, qazi, şəhid ailələrinə və övladlarına davamlı olaraq maddi və mənəvi yardım göstərdi. Qrupun üzvləri COVID-19 virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində, eləcə də bayramlarda, xüsusi günlərdə minlərlə ailəyə dəstək əllərini uzatdılar.
Bunun nəticəsi olaraq xeyli böyüyən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də Qırmızı Ürəklər Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı. Hazırda ölkəmizin vətəndaşları ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da cəmiyyətimizin ən çox dəstəyə ehtiyacı olan üzvlərinə yardım etmək üçün Fonda müraciət edir, onun fəal üzvlərinə çevrilirlər.
Təqaüdçülər Kapital Bank müştəriləri arasında böyük bir seqment təşkil edir. Lakin bir çox araşdırma və sorğular göstərir ki, həyatının bu mərhələsinə çatan insanların əhvali-ruhiyyəsi, psixoloji vəziyyəti və həyat keyfiyyəti əvvəlki kimi olmur. Bir çox təqaüdçülərə bu istiqamətlərdə dəstək göstərilməsinə ehtiyac vardır. Məhz elə bu səbəbdən 2018-ci ildə “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığa başladıq. Bu əməkdaşlığın nəticəsi olaraq təqaüdçülərin asudə vaxtının daha keyfiyyətli və səmərəli təşkili üçün Bakıda ilk “YAŞA” Mərkəzini yaratdıq. Bu gün artıq təkcə Bakı deyil, həmçinin də Mingəçevir, Şamaxı şəhərlərində “Yaşa” Mərkəzinin filialları fəaliyyət göstərir.
“Yaşa” Mərkəzlərinin əsas məqsədi yaşlı insanların mental və fiziki sağlamlığını qorumaqla, həyat keyfiyyətlərinin və inkluzivliyin artırılmasıdır. Mərkəzlərdə fəaliyyət istiqamətləri üzrə gündəlik təlim-tədris proqramları, seminarlar, idman dərsləri, müxtəlif mövzularda silsilə görüşlər təşkil olunur.
Ölkədə maliyyə sektorunun dayanıqlı inkişafı mütləq qaydada bu sahədə perspektiv kadrların inkişafından başlayır. Bu səbəbdən artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir sıra layihələrində maliyyə partnyoru qismində çıxış edirik. Beynəlxalq Fənn Olimpiadası, Respublika Fənn Olimpiadası, Təhsil sərgisi, şagirdlərdə yumşaq bacarıqların və tədris proqramına əlavə olaraq yeni bilik və bacarıqların inkişafı üçün yay aylarını əhatə edən Təhsil avtobusu və digər bu kimi layihələrin adını qeyd etmək olar.
Bundan başqa Kapital Bank bir sıra ali məktəblərlə də birgə layihələr həyata keçirir. ADA Universiteti, İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetini misal çəkmək olar. Adları qeyd edilən ali məktəblərdə mütəmadi olaraq “Karyera Günləri”, müxtəlif təlimlər, konfranslar, təcrübə proqramları keçirilir, tələbələr Kapital Bank-da yaradılan təcrübə proqramlarına cəlb edilir. Təcrübə proqramlarında yüksək nəticə əldə edən tələbələr daha sonra işlə təmin olunurlar.
2025-ci ildə ölkəmizin bank sektorunda ilk dəfə olaraq, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün “İşarət dili ilə videozəng xidməti”ni Birbank tətbiqində istifadəyə verdik.
Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. İnanırıq ki, əngəlsiz bankçılıq yolunda atdığımız bu addımın hər kəs üçün bərabər imkanlar yaradacağına və həyatı daha rahat paylaşmağımıza töhfə verəcək.